Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib-Fotolar
Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib
4 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib.
Açılış mərasimində Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser, Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiya, Azərbaycandakı Macarıstan səfirliyinin birinci katibi, Təhsil və Mədəniyyət üzrə Diplomat Monika Ferföldi iştirak edib.
Mərasimi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, 2019-cu ildə Azərbaycan Milli Kitabxanasında beynəlxalq əməkdaşlıq zalının, eyni zamanda 13 ölkənin ədəbiyyat guşələrinin açılışı olub. Bu gün isə Milli Kitabxanada Macarıstan Respublikasının ədəbiyyatı guşəsi açılır. Direktor Milli Kitabxanaların kitab mübadiləsi apararaq illər ərzində toplanan kitabların oxuculara çatdırılmasında belə zalların çox böyük əhəmiyyəti olduğunu söyləyib.
Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser çıxış edərək mədəniyyətin millətlər arasında körpülər qurduğunu və kitabxanalarin bu prosesdə əsas rol oynadığını qeyd edib.
Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiya Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin tarixinin çox qədim olduğunu, əsrlər boyu Gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluq, qardaşlıq şəraitində yaşadığını və bu gözəl ənənələrin bu gün də davam etdiyini deyib.
Sonda qonaqlara “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitablar, Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencserə isə eyni zamanda Azərbaycan milli kəlağayısı hədiyyə edilib.
Gununxeberi.az