Zirvə görüşü türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək
Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün
keçirilməsi tarixi hadisədir. Bu Zirvə görüşü üzv ölkələr arasında əlaqələrin
gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət başçılarının
çıxışlarında əməkdaşlığın gücləndirilməsinə xidmət edən təşəbbüslərin irəli
sürülməsi birliyimizi daha da gücləndirəcək amillərdirİyulun 6-da Şuşada “Türk
Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”
imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan
Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının
Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat
Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz tərəfindən
imzalanmış Bəyannamə müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir.
Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk
dövlətlərinin vahid güc kimi çıxış etməsinin və qarşılıqlı maraq kəsb edən regional
və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının
zəruriliyinin etiraf olunduğu bu tarixi sənəddə strateji tərəfdaşlığın daha da
möhkəmləndirilməsinin və dərinləşdirilməsinin, TDT-nin kollektiv strategiyasının
formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar,
təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və
imkanlarından istifadə edilməsinin vacibliyi vurğulanır. Milli kosmik proqramların
potensialının və rəqabət qabiliyyətinin artırılması məqsədilə kosmik layihələrin
birgə inkişafı üçün səylərin birləşdirilməsinin, texnoloji inkişaf səviyyəsinin və
birgə layihələrin rəqabət qabiliyyətinin artırılması üçün kosmik texnologiyalar
sahəsində kompleks inkişaf da bu vaciblər sırasındadır. Eyni zamanda, türk
dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında
əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli
trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın
daha da inkişaf etdirilməsinə diqqət yönəldilir.
Şübhəsiz, bu tarixi sənəd türkdilli ölkələrin ümumi maraqlarının qorunmasında
imkanların birləşdirilməsinin, eləcə də regional və beynəlxalq məsələlərdə
fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq
ölkəmizin, həmçinin Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu və çəkisini
daha da artırır. Qeyd edək ki, Prezident İlham Əliyevin atdığı əməli addımlar
sayəsində eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər ortaq bağlara malik olan
Türk Dövlətləri arasındakı münasibətlər hazırda özünün zirvəsinə yüksəlib. Onu da
qeyd edək ki, bu əlaqələrin yüksək səviyyəsi regionun tərəqqisinə, sabitliyin
bərqərar olmasına mühüm töhfələr verib. 44 günlük Vətən müharibəsi zamanı
dünya bunun şahidi oldu. Belə ki, bu ölkələr o günlərdə ölkəmizin haqq savaşına
siyasi-mənəvi dəstək verməklə öz borclarını yerinə yetiriblər. Bu gün Qarabağda
və Şərqi Zəngəzurda böyük sürətlə aparılan geniş abadlıq və bərpa işlərinə də onlar
öz töhfələrini verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
hakimiyyətə gəldiyi ilk gündən etibarən Türk dünyasının sıx birləşməsi, onun
siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə
çevrilməsi naminə böyük səylər göstərmiş, bütün bunları dövlətimizin xarici
siyasətinin başlıca prioriteti kimi diqqət mərkəzində saxlamışdır.
Əli Kərimov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri