Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlığının Yeni Erası
Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlığının Yeni Erası
15 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın daha da dərinləşməsini təsbit edən mühüm sənəd – Şuşa Bəyannaməsi imzalanmışdır. Bu bəyannamə, ikitərəfli münasibətləri möhkəmləndirən, regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətli olan bir sıra əsas maddələri özündə cəmləşdirir. Bəyannamədə nəzərdə tutulan əsas məqamlara yaxından nəzər salaq.
İlk növbədə, müdafiə və təhlükəsizlik məsələsi. Bəyannamə, hər iki ölkənin ərazi bütövlüyünün qorunmasını, milli təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Bu çərçivədə, qarşılıqlı hərbi təlimlərin keçirilməsi və müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu isə dosta da, düşmənə də bir mesajdır. Belə ki, artıq ölkəmiz tək deyil və bəzi dövlətlər ölkəmiz və regionumuzla bağlı planlar qurarkən qardaş Türkiyə Cümhuriyyətini də nəzərə almalıdır. Türkiyə, bölgədə güclü iqtisadiyyatı, hərbi potensialı və diplomatik nüfuzu ilə seçilən bir dövlətdir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, regional və beynəlxalq məsələlərdə güclü mövqe təmin edir. Türkiyənin NATO üzvü olması və beynəlxalq arenada mühüm rol oynaması, Azərbaycanın da təhlükəsizlik və diplomatiya sahələrində mövqelərini gücləndirir. Bu müttəfiqlik, Azərbaycanın maraqlarının müdafiəsi üçün mühüm bir platforma təmin edir.
Bəyannamədə ikinci olaraq, iqtisadi və ticarət əməkdaşlığı başlığı diqqət çəkir. Bu, ticarət həcminin artırılması, sərmayələrin təşviqi və qarşılıqlı iqtisadi layihələrin dəstəklənməsi kimi sahələri əhatə edir. Xüsusilə, enerji və nəqliyyat sektorlarında birgə layihələrin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Növbəti olaraq mədəniyyət və təhsil: Bəyannamə mədəni və təhsil sahələrində də əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Bu çərçivədə, ortaq mədəniyyət və təhsil layihələri, tələbə mübadiləsi və dil tədrisi kimi sahələrdə qarşılıqlı əməkdaşlıq genişləndiriləcəkdir.
Yekun olaraq, infrastruktur və nəqliyyat məsələsi. İki ölkə arasında nəqliyyat və logistik əməkdaşlığın gücləndirilməsi məqsədilə, infrastruktura sərmayə qoyuluşunun artırılması və yeni nəqliyyat dəhlizlərinin yaradılması planlaşdırılır. Bu çərçivədə, Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir, bu da regionda ticarət və nəqliyyat əlaqələrinin güclənməsinə töhfə verəcəkdir.
Ümumilikdə iki dövlətin münasibətlərinə yaxından nəzər saldıqda, məlum olur ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər, sıradan bir dövlətlərarası əlaqədən daha çox qardaşlıq və dərin tarixi bağlılıqla xarakterizə olunur. Bu iki ölkənin bir-birinə olan yaxınlığı tarixin, mədəniyyətin, dilin, dinin və milli maraqların harmoniyasından irəli gəlir. Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri əsrlərlə formalaşmış və hər iki xalqın ortaq mənəvi və mədəni dəyərlərini əks etdirən bir əlaqə nümunəsidir. Bu əlaqələr, hər iki ölkənin beynəlxalq arenada daha güclü mövqe tutmasına və regionda sülh və sabitliyin təmin olunmasına xidmət edir. Azərbaycanın Türkiyə ilə olan strateji müttəfiqliyi, regionda digər dövlətlərin də bu əməkdaşlığı nəzərə almasını zəruri edir və hər iki ölkənin maraqlarının qorunmasına xidmət edir. Gələcəkdə, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq daha da genişlənəcək və bu əlaqələr, hər iki xalqın ortaq gələcəyini təmin edəcəkdir.
Ülkər Mirzəmətova
YAP Pirallahı rayon təşkilatının fəalı