Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir
Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir
Tarixən neft və qaz ehtiyatlarının zənginliyilə tanınan ölkəmiz qalıq yanacaqların məhdudluğunu və onların istismarının ətraf mühitə zərər vurduğunu nəzərə alaraq son illərdə enerji mənbələrini şaxələndirmək və istixana qazı emissiyalarını azaltmaq məqsədilə diqqətini bərpaolunan enerjinin istehsalına yönəldib. Bu keçid ölkəmizin “yaşıl enerji”nin inkişafına aydın baxışını əks etdirir. Azərbaycanın “yaşıl enerji”yə sadiqliyi bir neçə layihə və təşəbbüsdə özünü göstərir. Ölkəmiz 2030-cu ilə qədər tələb olunan enerjinin 30 faizini bərpaolunan mənbələrdən əldə etməyi qarşısına məqsəd qoyub. Məqsədə çatmaq üçün həmin sahələrə investisiyalar yatırılır. Bundan əlavə, Azərbaycan bərpaolunan enerji gündəliyi yerinə yetirmək üçün aparıcı beynəlxalq enerji şirkətlərilə əməkdaşlıq edir.
Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb. Azərbaycanda yaşıl enerji sektorunun inkişafındakı hüquqi bazaya, bu istiqamətdə atılan praktiki addımlara və hədəflərə nəzər salır. Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. 2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq "ACWA Power" şirkəti ilə 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək.
İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də “Euronews” televiziyasına müsahibəsi də yer alıb. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə əlavə müsbət impuls və stimul qazandıra bilər. Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. İqlim dəyişikliyi çağırışlarının sürətlə artdığı bir məqamda Azərbaycan “yaşıl enerji” siyasətində əsas lider kimi meydana çıxıb. Strateji təşəbbüslər, beynəlxalq əməkdaşlıq və bərpaolunan enerjiyə əhəmiyyətli investisiyaların yatırılması ilə ölkəmiz nəinki enerji sektorunu dəyişdirib, həm də qlobal liderlərin dəstəyini qazanıb. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.
Həcər Ramazanova,
Pirallahı rayonu, 186 tam orta məktəbin tərbiyə işləri üzrə
direktor müavini