Qəhrəman Azərbaycan Ordusu 106 yaşında
Qəhrəman Azərbaycan Ordusu 106 yaşında
Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. Ordumuzda vahid komandanlığın yaradılması və nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Ən müasir texnika və avadanlıqla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.
Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Bu gün Azərbaycan Silahlı Qüvvələri Gününü bayram əhval-ruhiyyəsində qeyd edirik. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etdiyi, milli qürurumuzu özümüzə qaytardığı üçün qürurludur. Bütün bu uğurların təməlində düzgün qurulan və gələcəyə hesablanmış siyasət dayanır.
Azərbaycan əsgəri otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir. Bu gün Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində güclü orduya çevrilib və beynəlxalq reytinqlərə görə dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çox böyük tədbirlər həyata keçirilib. Bundan əlavə, orduda islahatların aparılması, yeni komando briqadalarının yaradılması xalqımızın təhlükəsiz yaşaması naminə ölkə rəhbərliyinin dövlətimizin müdafiəsinə ayırdığı diqqətin göstəricisidir.
Artıq 4-cü ildir ki, xalqımız 26 iyun Azərbaycan Silahlı Qüvvələri Gününü Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqlar şəraitində qarşılayır. Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Gününüz Mübarək Qüdrətli Azərbaycan Silahlı Qüvvələri!
Əli Kərimov,
Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri