“Şərur MTK” piyada səkisini ödənişli parkinqə çevirib?
Xırdalan şəhəri, Hikmət Aslanov küçəsində “Şərur MTK” tərəfindən inşa olunan “Jasmine Park” kompleksində piyada səkilərinin ödənişli parkinqə çevrildiyi deyilir.
Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib.
Onların sözlərinə görə, “Şərur MTK” binanın arxa tərəfində ümumi istifadədə olan səkini ödənişli parkinq yerinə çevirib: “İnşaat şirkətinin yaratdığı dayanacaqda birgünlük parkinqin qiyməti 1 manatdır. Etirazımızı bildirdikdə isə deyirlər ki, gedin kimə istəyirsiniz, şikayət edin”.
Məsələ ilə bağlı “Şərur MTK”dan “Bakupost”a verilən açıqlamada bildirilib ki, adıçəkilən ərazi sakinlərin istifadəsi üçün nəzərdə tutulub: “Həmin ərazi bərbad vəziyyətdə idi. Orada sadəcə abadlıq işləri aparılıb. Ərazi sakinlərin istifadə etməsi üçün nəzərdə tutulub. Orada heç bir ödənişdən söhbət gedə bilməz. Maneələrə gəlincə, orda çalışanlardan biri bilmədən bunu edib və artıq dəmir maneələrin aradan qaldırılması üçün tədbirlər görülür”.
Səkinin qanunsuz şəkildə ödənişli parkinqə çevrilməsi iddiaları ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti də saytımıza açıqlama verdi.
Bidirildi ki, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sözügedən ərazidə “Şərur” MTK tərəfindən inşa olunan binanın qarşısında avtomobillərin durması üçün yaradılan parkinqlə bağlı əraziyə baxış keçirlib: “Ərazidə müşahidə olunan qanunsuz fəaliyyətlərlə əlaqədar olaraq MTK rəhbərliyi ilə danışıqlar aparılıb və ciddi şəkildə tapşırılmışdır ki, vətəndaşların gediş-gəlişi üçün nəzətdə tutulan piyada səkisi bərpa olunsun və binanın qarşısında avtomobillərin durması üçün qeyri-qanuni şəkildə quraşdırılmış dəmir məhdudiyyətlər qısa müddətdə götürülsün. İcra Hakimiyyətinin nəzarəti ilə qeyd edilən səki tezliklə bərpa ediləcəkdir.