59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba rayonunun seçicilərilə növbəti görüşü keçirilib-Fotolar
Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba rayonunun seçicilərilə növbəti görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş nitqi ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova YAP-ın parlament seçkilərinə hazırlığı barədə məlumat verib. YAP-ın qələbələr partiyası olduğunu söyləyən F.Hüseynova qeyd edib ki, partiyamız bu parlament seçkilərində də qələbə qazanmaq əzmindədir. O, seçiciləri 1 sentyabrda yüksək fəallıq göstərməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Seçicilərin qarşısında çıxış edən deputatlığa namizəd Əlibala Məhərrəmzadə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. Deputatlığa namizəd daha sonra seçicilərin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində fəallıq göstərəcəyinə əminliyini diqqətə çatdırıb. Çıxışın sonunda YAP-ın deputatlığa namizədi Əlibala Məhərrəmzadə seçkilərdə qalib gələcəyi təqdirdə bütün seçicilərin etimadını doğruldacağına söz verib və görüşə gələn hər bir seçiciyə minnətdarlığını bildirib.
Daha sonra görüş iştirakçılarından Laçın Səfərəliyev, Elza Orucova, Əliyar Sərvərov və başqaları çıxışlarında parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildiriblər. Onlar görüş iştirakçılarına deputatlığa namizəd Əlibala Məhərrəmzadə haqqında geniş məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər. Seçiciləri sentyabrın 1-də fəal olmağa, layiqli namizədə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər 1 sentyabr parlament seçkilərində yeni islahatlara, inkişafa səs verəcəklərini bildirib və Yeni Azərbaycan Partiyasının namizədi Əlibala Məhərrəmzadənin qalib gələcəyinə əminliklərini ifadə ediblər.Yap.org