Laçın Şəhəri: Tarixin və Qələbənin Simvolu
27 sentyabr 2020-ci il.
Bu gün, Azərbaycan müasir tarixinin ən böyük dönüm nöqtələrindən biridir. Məhz
həmin gün, 44 gün davam edəcək və yekunda 30 illik işğalı sonlandıracaq böyük zəfərə
gedən yolun ilk addımı atılmışdır. Həmin tarixdən etibarən ölkəmiz və region üçün artıq
heç nə əvvəlki kimi olmayacaqdı. Çünki, artıq Azərbaycan xalqının, Azərbaycan
Ordusunun və onun Ali Baş Komandanının qəlbi yalnız və yalnız zəfər üçün döyünməyə
başlamışdı. Artıq səbr kasası daşmış, humanizm prinsipləri öz yerini tarixi ədalət
arayışına buraxmışdı. Beləliklə, bu hislər, fikirlər fonunda Vətən müharibəsi başladı.
Azərbaycan Ordusu hər ötən gün yeni zəfərlər qazanaraq, torpaqlarımızı azad edərək
sürətli şəkildə irəlilədi. 8 noyabr günü isə hərb tariximizə qızıl hərflərlə yazılacaq böyük
bir tarix yazıldı. Qarabağın döyünən qəlbi, mədəniyyət beşiyi, “alınmaz qala”sı Şuşa
erməni işğalından azad edildi və tarixi sahiblərinə qovuşdu. Bundan sonra isə proseslər
ildırım sürəti ilə davam etdi. 9 noyabr günü 70-dən çox kənd azad edildi, yüksəkliklərə
nəzarət əldə olundu. 10 Noyabr günü isə ölkəmizin tarixində yeni bir eranın başlanğıcı
oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının
baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən
müharibəni sona çatdıran Bəyanat imzalandı. Bu Bəyanatla işğal altında olan üç
rayonumuz heç bir güllə atmadan, şəhid vermədən Ordumuzun nəzarətinə qaytarıldı:
Ağdam, Kəlbəcər və Laçın.
Həmin ərazini tanıyan, bilən hər kəs yaxşı bilir ki, əgər bu şəhərlərimizdə
müharibə getsəydi bizim itkilərimiz mövcud olanın bəlkə də iki qatı olacaqdı. Çünki
Laçın və Kəlbəcər dağlıq və çətin relyefli ərazilərdir. Ağdam isə düzənlik olsa da demək
olar ki, düşmənin ən çox möhkəmləndiyi şəhərlərimizindən biri idi. Üstəlik nəzərə alsaq
ki, müharibə noyabr-dekabr aylarında davam edəcəkdi, onda bir tərəfdən də çətin hava
şəraiti Ordumuzun, əsgərlərimizin işini çətinləşdirəcəkdi. Beləliklə, Vətən müharibəsi
hərbi və siyasi baxımdan Azərbaycanın çox böyük uğurudur. Böyük ustalıqla idarə
olunan proses tam vaxtında yekunlaşaraq mümkün olan ən az itki və əldə oluna biləcək
ən böyük uğurla yekunlaşdı.
01 Dekabr tarixində bütün bu proseslər Laçın şəhərinin təhvil verilməsi ilə sona
çatdı. Dəqiq demək olar ki, Laçın şəhəri yerləşdiyi coğrafi mövqe baxımından
müharibənin gedişatında ən vacib rol oynayan şəhərlərimizdən biri idi. 1992-ci ildə Laçın
şəhərinin, Şuşanın işğalından cəmi 10 gün sonra işğal altına düşməsi müharibənin sonrakı
gedişatını demək olar ki, tamamilə həll etdi. Çünki, Laçın şəhəri və onun ərazisi,
Ermənistan ilə (o vaxtkı adı ilə) Dağlıq Qarabağ arasında yerləşən strateji bir keçid
nöqtəsi idi. Laçın dəhlizi adlanan bu yol, Ermənistan ilə Dağlıq Qarabağ arasında əsas
quru əlaqə yolu idi. Laçının işğalı Ermənistan üçün Dağlıq Qarabağdakı separatçı
qüvvələrə asanlıqla silah, sursat, ərzaq və digər logistik dəstək göstərmək imkanı verdi.
Bu, münaqişə dövründə Ermənistanın mövqelərini gücləndirməsində birbaşa rol oynadı.
Bu gün isə vəziyyət tamamilə fərqlidir. Artıq Laçının iztirablı günləri sona çatıb.
30 il düşmən tapdağına məruz qalan qədim şəhərimiz nəhayət əzəli sahiblərinin isti nəfəsi
ilə yenidən həyat tapıb. 2022-ci ilin 26 avqust tarixində dövlət başçımız Laçın şəhərinin
mərkəzində şanlı bayrağımızı dalğalandıraraq yeni dövrün qapılarını açdı. Ötən il mayın
28-dən başlayaraq isə laçınlıların doğma yurda dönüşünə start verildi. Artıq Laçın şəhəri
552 ailəyə qucaq açıb və 2031 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin şəhərdə
vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi
əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait
yaradılıb. Dövlət Proqramına əsasən ötən il rayonun Sus kəndinə 59 ailə və 215 sakinin,
Zabux kəndinə 217 ailə və 823 sakinin köçürülməsi təmin olunub.
Sonda qeyd etmək istərdim ki, Laçın şəhərinin işğaldan azad edilməsi və Prezident
İlham Əliyevin şəhərdə Azərbaycan bayrağını sancması, Azərbaycan xalqı üçün tarixi
ədalətin bərpası, milli qürurun və birliyin simvolu olaraq yaddaşlara həkk olunub. Bu
hadisə, Azərbaycan dövlətinin və xalqının iradəsinin güclü ifadəsi olaraq tarixdə silinməz
iz qoyub. Laçının yenidənqurulması və inkişafı isə bu bölgənin Azərbaycan üçün strateji
və iqtisadi əhəmiyyətini bir daha təsdiqləyir.
Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi