Qələbəyə inanmadığımız yarışa girmərik, buna vərdiş etmişik - Rüstəmxanlıdan iddialı AÇIQLAMA
1 sentyabr 2024-cü ildə ölkəmizdə parlament seçkiləri keçiriləcək. Seçkilərdə 125 dairə üzrə 1000dən çox namizəd iştirak edir.
Namizədlər arasında Milli Məclisin VI və daha əvvəlki çağırışlarda deputat seçilən şəxslərin yaxınları da iştirak edir. Onlardan biri də Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlıdır.
O, 70 saylı Neftçala seçki dairəsindən namizəddir. Tənzilə Rüstəmxanlı, həmçinin Vətəndaş Həmrəyliyi Partiyasının sədrinin müşaviridir.
Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında bildirib ki, həyat yoldaşının kampaniyası yüksək səviyyədə təşkil olunduğundan heç onun köməyinə ehtiyac qalmır:
"Seçki kampaniyası yüksək səviyyədə gedir. Təbliğat-təşviqat işlərini elə qururuq ki,heç mənim köməyimə ehtiyac olmur. “Azər-Türk” Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evinin ətrafında olan fəallar və partiyanın fəalları ona hərtərəfli kömək edirlər".
S.Rüstəmxanlı Tənzilə xanımın qalib gələcəyini düşünür: "Qalib gələcəyimizə inanmadığımız heç bir yarışa girmərik. Biz buna vərdiş etmişik. Ona görə də, güman edirəm ki, hər şey yaxşı olacaq, qalib gələcəyik".
VI çağırış Milli Məclisin deputatı həyat yoldaşının gələcəkdə paratiya sədri olması ilə bağlı təkliflərə də münasibət bildirib:
"Tənzilə xanımın partiya sədrliyinə gəlməsi partiyanın iradəsinə bağlıdır. Qoy, hələ millət vəkili seçilsin, bu məsələyə sonra baxarıq. Partiya məsələsi biraz mürəkkəbdir. Çünki təcrübəli, partiya quruculuğunda iştirak etmiş adamlar var".
O, sonda qeyd edib ki, həyat yoldaşı seçildiyi təqdirdə ilk olaraq, Neftçalanın problemlərini qaldıracaq.