Mircəlil Qasımlı: əziz və doğma KƏLBƏCƏRLİLƏR, hörmətli seçicilər!
Əziz və doğma KƏLBƏCƏRLİLƏR, hörmətli seçicilər!
Sizin inam və etimadınıza güvənərək 1 sentyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə 123 saylı Kəlbəcər Seçki dairəsindən namizədliyimi irəli sürmüşəm.
Bu mənim üçün böyük və şərəfli bir yolun başlanğıcıdır. Hər birimiz dərk edirik ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsini ləyaqətlə davam etdirən, bizi Vətən müharibəsi Zəfərinə qovuşduran möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikliyi sayəsində Azərbaycan tarixinin ən möhtəşəm dövrünü yaşamaqdadır.
Xalq, hakimiyyət və ordu birliyinin nəticəsində biz kəlbəcərlilərin də vətən həsrətinə son qoyulmuş və doğma Kəlbəcərimiz bir güllə belə atılmadan azad edilmişdir. Bu gün sürətlə abadlaşan, yenilənən və ən müasir şəhərsalma prinsipləri ilə qurulan Kəlbəcər tezliklə öz sakinlərini qəbul edəcəkdir. Uzun illərdən sonra o yaylaqlara, obalara, kəndlərə doğma insan nəfəsi dəyəcəkdir. Biz doğma evlərimizə qayıdacaq və əbədi olaraq o torpaqlarda yaşayacağıq.
Belə fərəhli günlər ərəfəsində keçirilən Milli Məclisə seçkilərdə də əminəm ki, Kəlbəcər camaatı fəallıq göstərəcək və mənim namizədliyimi dəstəkləyəcəkdir. Sazın-sözün, bərəkətli yaylaqların, buz bulaqların, uca zirvələrin və müdrik insanların vətəni olan doğma Kəlbəcərimizin qurulmasına və onun daha da gözəlləşməsinə tövhə vermək hər birimizin mənəvi məsuliyyətimiz və borcumuzdur.
Sizdən Kəlbəcərin gələcəyini düşünərək seçkilərə gəlməyinizi, ən layiqli namizədə səs verməyinizi xahiş edirəm.
Əziz KƏLBƏCƏRLİLƏR, əminəm ki, Siz bu seçkidə mənə dəstək olacaq və bununla da özünüzə layiqli vəkil qazanacaqsınız.
Sizlərə böyük ehtiramla,
Qasımlı Mircəlil Xəqani oğlu
Gununxeberi.az