Eldar Quliyev Sabunçuda seçicilərlə görüşüb
VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Eldar Quliyev 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Bilgəh qəsəbəsinin sakinləri ilə görüş keçirib.
Gununxeberı.az xəbər verir ki, görüşdə deputatlığa namizəd Eldar Quliyev geniş və əhatəli çıxış edib. Deputatlığa namizəd çıxışi zamanı əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və, suverenliyinin tam bərpa olunduğunu, ictimai-siyasi sabitliyin təmin edildiyini, iqtisadiyyatın şaxələndirilməsi prosesinin uğurla həyata keçirildiyini deyib. Bütün bu mühüm istiqamətlərin reallığa çevrilməsi ölkə rəhbərliyinin müdrik siyasətinin məntiqi nəticəsi olduğu namizəd tərəfindən qeyd olunub.
Eldar Quliyev nitqində həmçinin bildirib ki, əvvəlki çağırışlarda olduğu kimi bu çağırışda da seçildiyi təqdirdə Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinlərinin sosial-rifah halının daha da yaxşılaşdırılması, qarşılaşdıqları problemlərin həlli üçün əlindən gələni edəcəyini, onların sözünü Milli Məclisin tribunasından səsləndirəcəyini deyib.
Daha sonra Eldar Quliyev Bilgəh seçicilərinin təklif və problemlərini dinləyib. Hətta əksər seçicilər problemlərinin vaxtında həll edildiyini dilə gətirərək, ona təşəkkür ediblər və 1 sentyabr 2024-cü il tarixində keçiriləcək seçkilərdə Eldar Quliyevə yenidən səs verəcəklərini bildiriblər.