İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.
Dil hər bir fərdin, ümumilikdə isə xalqın mövcudluğunu şərtləndirir, onu bəşər mədəniyyətinə qoşur, qovuşdurur. Məhz dil xalqın indiyədək fəth etdiyi və gələcəkdə də fəth edəcəyi mənəvi sərvətlərin ilki, başlanğıcı və çıxış nöqtəsidir. Bəşər mədəniyyətinin bütün sahələri kimi dil də tarixən yaranmışdır. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişaf amillərini dil qədər dəqiq təyin edə bilsin. Xalqın tarixi onun dilinin tarixi ilə başlanır.Feodalizmin ilkin inkişaf mərhələsində Azərbaycan tayfalarının konsolidasiyası baş vermiş, nəticədə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır.Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. VI–VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrün ən mükəmməl abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarıdır. Yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI əsrləri əhatə edir. Birinci minilliyin ortalarında Azərbaycan dilinin yazısı, əlifbası olmuşdur. Şifahi ədəbi dil nümunəsi sayılsa da, 1500 ildən artıq tarixi olan “Kitabi-Dədə Qorqud”un dili həm də kamil yazı nümunəsidir.
Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur. Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə elan etmişik dünyaya müstəqilliyimizin əbədiliyini. Bu dil müqəddəsdir, doğmadır anamız kimi, Vətənimiz kimi. Qürurumuz, fəxrimizdir dilimiz. Nəsimilər, Füzulilər, Xətailər, Zərdabilər, Vaqiflər, Vidadilər, Sabirlər, Müşfiqlərin dilidir Azərbaycan dili. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi ən böyük amalımız olmalıdır. Dilimizi qoruyaq! O bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.
Kamal Quluzadə,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı