Respublika Gənclər Kitabxanasında 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar ənənəvi və virtual kitab sərgisi hazırlanıb
22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ənənəvi və virtual kitab sərgi hazırlanıb.
Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/multimedia/milli-metbuat-gunu virtual sərgidə missiyası əsasən maarifçilik olan, cəmi 56 sayının işıq üzü görməsinə baxmayaraq Azərbaycanda mətbuatın təməlini qoyan, milli mətbuatın imkişafında əvəzsiz xidmətləri olan “Əkinçi” qəzetinin yaranma dönəmi, tarixi, inkişafı, qəzetin ərsəyə gəlməsində əməyi keçən dahi Azərbaycan simaları haqqında geniş məlumat verilir, qəzetinin nüsxələrinin görüntüləri təqdim edilir. Materialda 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulmasından, bu islahatların mətbuatın inkişafına ciddi təkan verməsindən, müasir dövrdə Prezident İlham Əliyev tərəfindən media nümayəndələrinə göstərilən diqqət və qayğıdan bəhs edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Azərbaycanda müasir jurnalistikanın özəllikləri haqqında da bəhs edilir, Vətən müharibəsi dövründə informasiya məkanında nümayiş etdirilən üstünlüklər, müharibə dövründə şərəfli peşəsinin öhdəsindən layiqincə gələn və müxtəlif medallarla təltif edilən jurnalistlər haqqında da məlumat verilir.
Virtual kitab sərgisində “Heydər Əliyev və mətbuat”, “Əkinçi”də maarifçilik ideyalarının təbliği”, “H.Zərdabinin etnoqrafik görüşləri”, “Azərbaycan mətbuat tarixi antologiyası” kimi kitabların biblioqrafik təsviri yer alır.