“Asudə vaxtın səmərəli təşkili” mövzusunda tədbir keçirildi
Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana
filialında gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi
məqsədilə Kiber İdman Federasiyasının gəncləri ilə tədbir
keçirildi.
Tədbirdə A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri
v.m.i.e İradə Hüseynova bildirdi ki, gənclərin asudə vaxtının
səmərəli təşkili vacib məsələlərdən biridir. Müsbət əxlaqi
keyfiyyətlərə yiyələnmə və sağlam gəncliyin təməli düzgün təşkil
olunmuş asudə vaxtdan asılıdır. Gənclər arasında xoşagəlməz
halların aradan qaldırılması üçün onların asudə vaxtlarının
düzgün şəkildə təşkili diqqət mərkəzində olmalıdır. Gənclərin
qabiliyyət və istedadlarını müəyyənləşdirib düzgün
istiqamətləndirmək, onların sağlam əqidəli, güclü iradəli və
mənəviyyatlı insan kimi formalaşdırmaq vacib məsələdir.
Kitabxananın əməkdaşı Aybəniz Əliyeva gənclərə göstərilən
diqqət və qayğıdan, bu istiqamətdə aparılan işlərdən söz açaraq,
bu cür tədbirlərin gənclərin şəxsiyyət kimi yetişməsində mühüm
rol oynadığını qeyd etdi.
Tədbirdə iştirak edən gənclər Rahil Mustafayev, Əli
Hüseynov, Hacı Ömər, Əli Ağazadə çıxışlarında qeyd etdilər ki,
yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam
böyümələri məqsədilə onların dərsdənkənar vaxtlarının düzgün
şəkildə keçirmələri üçün bir sıra addımlar atılmışdır. Hər bir
yeniyetmə və gənc asudə vaxtdan həm özü üçün, həm də
cəmiyyət üçün ağılla, faydalı istifadə etməlidir.