Kooperasiya Universitetində "Bilik Günü" qeyd edilib - FOTOLAR
Bu gün Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev universitetə yeni qəbul olmuş tələbələrlə görüşüb.
Gunnxeberı.az xəbər verir ki, "Bilik Günü"nə həsr olunmuş görüşdə Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, yeni qəbul olmuş tələbələr və onların valideynləri iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra çıxış edən rektor, professor Eldar Quliyev universitetin professor-müəllim heyətini və tələbələri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Rektor çıxışında əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən elm və təhsil siyasətindən, bu sahədə ölkəmizin son illərdə əldə etdiyi uğurlardan, təhsilimizin müasir standartlara uyğunlaşdırılmasından danışıb.
Sonda yüksək balla universitetə qəbul olmuş tələbələrə tələbə biletləri və xatirə hədiyyələri təqdim olunub.