“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət
(KSM) Komitəsi tərəfindən Daşkəsən rayonunun ucqar Çovdar, Quşçu kəndləri, eləcə də
digər yaşayış məntəqələrindən olan sakinlər ilə növbəti görüş keçirilib.
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində keçirilən görüşdə “AzerGold”
QSC-nin İdarə Heyəti sədrinin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev
iştirak edib. X.Fərzəliyev çıxış edərək, Səhmdar Cəmiyyətin fəaliyyət göstərdiyi Gəncə-
Daşkəsən iqtisadi rayonunda, xüsusilə istismar işləri həyata keçirilən mədənlərin
yaxınlığında yerləşən kənd və qəsəbələrin sakinlərinin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, “AzerGold” QSC məsuliyyət zonalarında dayanıqlı inkişaf
məqsədlərini daim diqqətdə saxlamaqla dövlətimizin yürütdüyü sosial siyasətə töhfələrini
verir. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi bölgədə yerli icmaların məşğulluq, təhsil,
sağlamlıq, inklüziv inkişaf, idman, mədəniyyət və digər istiqamətlərdə inkişafı yönündə
ardıcıl və sistemli layihələr icra edir. Cari il ərzində də bu istiqamətdə işlərin icrasının
davam etdiriləcəyi diqqətə çatdırılıb. Daha sonra vətəndaşların müraciətləri dinlənilib,
yeni təşəbbüslər və aktual məsələlər müzakirə edilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin KSM Komitəsi tərəfindən sosial ehtiyacların
müəyyənləşdirilməsi məqsədi ilə bölgə əhalisi ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.