Respublika Gənclər Kitabxanasında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə ənənəvi və virtual kitab sərgisi istifadəçilərə təqdim edilir
2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkarın ədəbi irsinin təbliği məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında virtual kitab sərgisi hazırlanıb. Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mehemmed-fuzuli-530 yerləşdirilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində ədibin həyat və yaradıcılığına, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlərə, özünün müəllifi olduğu müdrik kəlamlara geniş yer verilir. Materialda əsərləri bu gün də sevilə-sevilə oxunan dahi Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirən şair və mütəfəkkir kimi təsvir edilir. Virtual kitab sərgisində ədibin qəzəlləri, poemaları, Azərbaycan, ərəb və fars dillərində qələmə aldığı ədəbiyyat nümunələri haqqında geniş məlumat verilir, müəllifi olduğu “Leyli və Məcnun”, “Bəngu – badə”, “Rind və Zahid”, “Hədiqətus-süadə”, “Şikayətnamə”, “Söhbətül-əsmar” kimi əsərlərin və onun haqqında nəşr edilən “Klassiklər yenə də klassiklər”, “Füzuli qəzəllərinə təxmislər”, “Məhəmməd Füzulinin mətləul-etiqad əsərinin şərhi”, “Eşq sultanı”, “Şəbi-hicran” kimi 20-dən çox kitabın qısa annotasiyası təqdim olunur.
Respublika Gənclər Kitabxanasında Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar olaraq “Məhəmməd Füzuli – 530” adlı ənənəvi sərgi də təşkil edilib. Sərgidə Məhəmməd Füzulinin həyat və yaradıcılığından bəhs edən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli - 530” adlı biblioqrafik bülleten sərgilənməkdədir.