Tarixi dostluq və strateji tərəfdaşlıq
Tarixi dostluq və strateji tərəfdaşlıq
Azərbaycanın son illər beynəlxalq aləmdə nüfuzunun artması ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərinə də müsbət təsir göstərir, əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Ötən bir neçə il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə dəvət alması, bir sıra tədbirlərdə fəxri qonaq qismində iştirak etməsi ölkəmizin artan rolunun və çəkisinin əyani təsdiqidir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib. Bu səfər Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirib, əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənəd imzalanıb. Görüşdən sonra hər iki dövlətin başçıları mətbuat üçün bəyanatla çıxış ediblər. Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli vədədə dərinləşməsini təmin edəcək.
Pakistan Azərbaycanın dostudur. Bunu birmənalı olaraq vurğulamaq olar. Çünki Azərbaycanın dar günündə həmişə onun yanındadır. “Dost dar gündə tanınar” atalar sözünü Pakistan təsdiqləyib. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq Bakı-İslamabad əlaqələri yüksək səviyyədə davam edib. Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də təkan verər. Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq bu zəncirin böyüməsinə, inkişafına səbəb olar.
Fazil Məhəmmədov,
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü