Rusiya və Azərbaycan arasında qardaşlıq münasibətləri
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.
"Heydər Əliyev və Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoyublar" - bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə bildirib: "Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk". Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev onu münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirib.
Xatırlatmaq yerinə düşər ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və s. bu əlaqələrin təməlinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. İki ölkənin siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşması görülən işlərin məntiqi olaraq vurğulanmalıdır. 22 fevral 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzaladılar. Bu Azərbaycan və Rusiyanın münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi demək idi. 13 oktyabr 2022-ci ildə İlham Əliyev Astanada Vladimir Putinlə görüş çərçivəsində qeyd etmişdir ki, Azərbaycan və Rusiyanın münasibətləri ən yüksək səviyyəyə - müttəfiqlərin qarşılıqlı fəaliyyəti səviyyəsinə çıxıb. Hal-hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. Ölkələrimiz arasında siyasi əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb.
Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri vardır. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.
Eyni zamanda Azərbaycanda da çoxsaylı rus icması yaşayır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur. Bunlar iki dövlət başçısı arasındakı görüş zamanı xüsusi vurğulanıb. Ölkəmizin milli maraqlarına tam uyğun olan 43 maddəlik Moskva bəyannəməsində hər iki ölkənin müttəfiqlik fəaliyyətinin bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulması, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək və öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəliklər yer alıb. Bəyannamədə, həmçinin beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.
Moskva Bəyannaməsində keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur.
Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycanla Rusiya sıx ticari-iqtisadi münasibətlərə malikdirlər.
Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir. Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır.
Əsgərova Fatma,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi