Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur

Image

Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur

       Məlumdur ki, böyük tarixləri böyük şəxsiyyətlər yaradır. Ona görə də zəngin dövlətçilik tarixinə sahib olan ölkələrlə böyük şəxsiyyətlərin ömür yolu, yerinə yetirdiyi missiya arasında əbədi vəhdətin mövcudluğu dəyişməz reallıqdır. İstər uzaq keçmişə, istərsə də müasir dünyamızın mənzərəsinə nəzər salsaq, bu qanunauyğunluğu aydın şəkildə görə bilərik. Tarixin dərsləri belə bir həqiqəti təkrar-təkrar sübuta yetirir ki, sabit dövlətçilik ənənələrinin formalaşması üçün döyüş meydanlarındakı sərkərdəlik qüdrəti qədər dövlətin qurulması və idarə edilməsi məharətini də özündə birləşdirən, eyni zamanda qurduğu dövlətin bir neçə əsr sonrakı gələcəyini düşünüb ona möhkəm zəmin hazırlamağı bacaran, irsin varisliyini təmin edə bilən şəxsiyyətlərin olması mütləqdir. Belə fenomenal şəxsiyyətlərin siyasi uğurunun sirləri, ən mürəkkəb durumlardan çıxış yolu tapmaq qabiliyyətləri, yaranmış uyğun vəziyyətləri öz xalqları, dövlətləri üçün fürsətə çevirmək istedadları isə ona görə zaman-zaman öyrənilib tədqiq edilir ki, bəşəriyyət bütün tarix boyu onların formalaşdırdıqları təcrübəyə ehtiyac duyur. Hansısa çıxılmaz vəziyyətlərdə belə şəxsiyyətlərin irsinə müracət edir. Bu mənada, Ümummilli Lider Heydər Əliyev bir tərəfdən müstəqil müasir Azərbaycan dövlətinin memarıdır, digər tərəfdən isə Azərbaycan nümunəsində milli dövlət yaratmaq, onun gələcəyini təmin etmək, xalqını öz hədəflərinə yetirmək kimi fövqəlgücə malik bir şəxsiyyətdir. 

      Böyük rəhbər müstəqil Azərbaycan dövlətçiliyinin milli-mənəvi, ideoloji əsaslarını yaratmışdır. Azərbaycan xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş və çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir. Bu il anadan olmasının 101-ci ildönümü tamam olan Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, siyasi irsi Vətənimizin tarixində çox əlamətdar bir dövrün əsasını qoyduğunu təsdiqləyir. Bu gün müstəqillik, demokratik inkişaf, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı kimi ifadələr gündəlik leksikonda işlənən və mahiyyəti əksəriyyət tərəfindən dərk olunan adi ümumişlək kəlmələrə çevrilib. Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıtdığı 1993-cü ildə isə cəmiyyətdə Azərbaycanın tutduğu yol barədə heç bir aydın təsəvvür yox idi. Demokratik dövlət qurmaqdan ötrü demokratik vətəndaş dəyəri hələ formalaşmamışdı. Çoxları, xüsusilə də siyasi meydanda görünənlər demokratiyanı xaos, özbaşınalıq, anarxiya kimi başa düşürdülər və bu düşüncə tərzi ölkəni uçuruma sürükləyirdi. Ulu Öndər 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra Azərbaycanı faktiki olaraq uçurumun, vətəndaş müharibəsinin, parçalanma riskinin bircə addımlığından qoparıb qorudu. Müstəqillik yollarında ilk kövrək addımlarını atan dövləti rəvan inkişaf yoluna doğru yönləndirdi. Ölkədə milli düşüncəyə meydan açıldı. Qarşıya böyük hədəflər qoyuldu, cəmiyyət həmin hədəflərə doğru yönəldildi.  Bütün bunlar o qədər də asan başa gəlmədi. Ümummilli Lider naşı siyasətçilərin qısa müddət içində böhrana gətirib çıxardıqları ölkənin gələcək taleyinin məsuliyyətini üzərinə götürmüşdü. Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu. Yanlış xarici siyasət, populist addımlar ucbatından ölkənin bütün qonşularla və böyük dövlətlərlə münasibətləri korlanmışdı. Qurulu sosial-iqtisadi sistem darmadağın vəziyyətə düşmüşdü. Sabaha ümid görünmürdü. Qanunlara riayət olunmadığından cəmiyyətdə cəzasızlıq mühiti hökm sürürdü.  Ulu Öndər nə qədər çətin olsa da, bu vəziyyəti qısa müddət ərzində dəyişməyi bacardı. Dövlətçilik müstəvisində hər şeyi öz yerinə qoydu. Müstəqil Azərbaycan dövlətini kərpic-kərpic yenidən qurmağa başladı. Bəlkə ona görə buna müvəffəq ola bildi ki, Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərliyi dövründə ölkənin müstəqil yaşaya bilməsi üçün bütün zəruri əsasları formalaşdırmışdı. Ən azı ölkəni istənilən böyük hədəflərə aparmağa qabil peşəkarlar, sağlam düşüncəli ziyalılar, infrastruktur, müəyyən resurslar vardı. Heydər Əliyev intellektual, siyasi, iqtisadi resursları böyük amallar uğrunda səfərbər etdi. Cəmiyyətin siyasi palitrasındakı ən müxtəlif mənbələrdən idarə olunan, ziddiyyətli siyasi maraqları bir nüvədə cəmlədi. Heydər Əliyev Azərbaycan xalqını öz halal sərvətinin sahibi etdi. XIX əsrin sonlarından - dünyaya səs saldığı illərdən faydası daha çox yadlara qismət olan Azərbaycan neftini ölkəmizin rifahına yönəltdi. Təbii sərvətlərimiz sosial-iqtisadi dirçəlişin rəhninə çevrildi. 

       Xalqların milli dövlətçilik tarixində hər dövrün öz əhəmiyyəti var. Bununla belə elə dövrlər olur ki, həmin mərhələlər tarix üçün xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyevin doğulub böyüdüyü və şəxsiyyət kimi yetişdiyi illərin də Azərbaycan tarixində özünəməxsus yeri var. O zaman cümhuriyyət 23 aylıq işıqlı ömründən sonra yenicə süquta uğramış və xalqın aydın şəxsiyyətlərinə qarşı amansız repressiya dalğası başlanmışdı. Qırmızı terror Azərbaycan xalqının təhsilin, elmin hələ zəif inkişaf etdiyi o dövrdə min bir əziyyət bahasına yetirdiyi, hər biri on minlərlə insanın inkişafına yol açan savadlı, nurlu şəxsiyyətlərimizi bir-bir sıradan çıxarırdı. Bununla bolşevizm milli düşüncəni məğlub etməyə çalışırdı. Onlara elə gəlirdi ki, milli düşüncənin daşıyıcısı olan insanları sıradan çıxardıqca bu düşüncənin özü də ortadan qalxacaq. Ondan sonra xalqı istədikləri məcraya yönəldə, öz kimliyindən uzaqlaşdıra biləcəklər. Amma fərqində deyildilər ki, Azərbaycan ailələrində gənc nəslin soy-kökümüzə, milli ruhumuza bağlı minlərlə təmsilçiləri yetişir.  Heydər Əliyev də onlardan biri idi. O, ötən əsrin 20-30-cu illərində Azərbaycanın tarixi inkişaf mərkəzlərindən olan Naxçıvanda böyümüşdü. Dünya haqqında təsəvvürləri, həyata baxışı o təlatümlü zamanlarda formalaşmışdı. Onda hər bir sovet gəncinin tapına biləcəyi yeganə ideologiya kommunist ideologiyası idi. Heydər Əliyev də milyonlarla sovet gənci kimi mövcud ideologiyanın dünyaya xoşbəxtlik bəxş edəcəyinə inanırdı. Bununla belə Ulu Öndər xalqımızın milli-mənəvi dəyərlərinə ruhən bağlı idi. Tariximizə, soy-kökümüzə sevgi, sadiqlik, Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi mənəvi sərvətə dərindən bələdlik hələ o zaman yüksək vəzifələrdə çalışan bu böyük dövlət adamının ruhuna hopmuşdu. Heydər Əliyev ümumbəşəri dəyərlərlə yaşayan, bu dəyərlərin dünyamızda özünə yer tutması üçün bütün varlığı ilə çalışan siyasi Lider idi. Eyni zamanda bir o qədər də milli düşüncənin daşıyıcısı kimi nümunə yaradırdı, bu düşüncənin yayılmasına, nəsillərdən-nəsillərə ötürülməsinə, milli kimliyimizin əbədiyyən var olmasına xidmət göstərirdi. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi Azərbaycanda, ilk növbədə, milli düşüncədə güclü dəyişikliyə səbəb oldu, milli şüurun oyanışı baş verdi. Ulu Öndər cəmiyyətə ədalət gətirdi, mənəvi dəyərlərimizə, milli varlığımızın ifadəsi olan dilimizə, tarixi şəxsiyyətlərimizə sahib çıxdı, səsimizi-sözümüzü mövcud tarixi reallıqlar şəraitində dünyaya yetirdi. Bütün dünya, ən azı mədəniyyət incilərimizlə Azərbaycan adında bir ölkənin, xalqın varlığından xəbər tutmağa başladı. Heydər Əliyev xalqımızın milli müstəqillik duyğularının təzahürünə çalışır, bizi dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmağa böyük səy göstərirdi.  Ulu Öndər keçmiş SSRİ kimi nəhəng bir imperiyanın əsas rəhbərlərindən biri kimi Kremldə çalışdığı illərdə Azərbaycanın və ümumən türk-müsəlman xalqlarının ən güclü dayağına çevrildi. 

       1993-cü ildə isə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev cəmiyyətimizdə, ilk növbədə, qanunun aliliyini təmin etdi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə Azərbaycan hüquqi dövlət quruculuğu yolunda daha da inamla irəlilədi. Ulu Öndər ölkəmizdə demokratik inkişaf ənənələrini formalaşdırdı. Bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Sosial-iqtisadi islahatlar öz bəhrəsini verdi. 

      Ümummilli Liderin Vətəni qarşısındakı ən mühüm xidmətlərindən biri azərbaycançılıq düşüncəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi, müstəqil dövlətin ideya əsasına çevirməsi oldu. Ulu Öndər xalqının milli ruhunu, kimliyini təcəssüm etdirirdi. Azərbaycan sərhədlərindən kənarda təmsil etdiyi ölkəni Heydər Əliyevin adı ilə nişan vermək hər bir həmvətənimiz üçün böyük qürur hissi idi. Çünki bu ad onu nişan verən hər kəsə ancaq şərəf gətirirdi. Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün soydaşlarımız arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Bunu o vaxtlarda yaradılmış Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, təsviri sənətində, eləcə də xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən digər çoxsaylı əsərlərdə bu gün də görmək olar. Həmin zamanlarda Ulu Öndər respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, diasporumuzun təşəkkül tapmasını vacib sayırdı. Heydər Əliyev həmin ağır, gərgin, müxtəlif qadağalarla dolu olan bir zəmanədə Azərbaycanın ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətlə müdafiə edir, onların sıxışdırılmasının qarşısını almağa müvəffəq olurdu. Bir sözlə, o illərdə biz nadir milli mədəniyyətimizin bütün qatlarını özümüz üçün sanki təzədən açır və yenidən qiymətləndirirdik. Böyük şəxsiyyət dünyanın hansı qütbündə yaşamasından asılı olmayaraq özünü doğma Vətəninə ruhən, qəlbən bağlı sanan bütün yurddaşları üçün güclü bir dövlət qururdu.  Hər bir ideologiyanın uğuru, ilk növbədə, onu irəli sürən düha sahibinin özünün göstərdiyi nümunədən asılıdır. Bu mənada Heydər Əliyev ən böyük azərbaycanlı idi. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ulu Öndər yürütdüyü siyasətlə bütün dünya azərbaycanlılarının liderinə çevrilmişdir, yer üzündə yaşayan soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirmişdir. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir. Dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirmiş, bu istiqamətdə mühüm addımlar atmışdır. Heydər Əliyev dövlət-cəmiyyət münasibətlərində populizmdən, qaragüruh düşüncədən, subyektiv emosional radikalizmdən uzaq, real elmi əsaslara, həyat fəlsəfəsinə malik hakim elita formalaşdırırdı. Siyasi arenaya məhz Heydər Əliyev partiyası kimi çıxaraq ölkəmizin müstəqillik tarixində müstəsna rol oynayan Yeni Azərbaycan Partiyasının siyasi konsolidasiyası, xalqla sarsılmaz ittifaqı, lider amalının milli dövlətçilik amalına çevrilməsi hər birimizin şahid olduğumuz tarixi gerçəkliklərdir.
 Heydər Əliyev 2003-cü ilə qədər Azərbaycanla bağlı bir çox arzularını reallaşdırdı. Xalqımız dünyanın ən qabaqcıl xalqları sırasında öz layiqli yerini tutdu. Dünya ölkəmizin zəngin mənəvi aləmini, bəşəriyyətin mədəniyyət xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələri kəşf etdi. Azərbaycanlıların sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyətinə heyran oldu. İnsanlarımızın öz istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə getdikcə daha sürətlə inteqrasiya olması xoş bir prosesə çevrildi.  Müstəqil dövlətimiz dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək inkişaf proseslərini sürətləndirdi. Beynəlxalq aləmdə öz layiqli yerini tutdu. 1994-cü ildə cəbhə bölgəsində atəşkəsin əldə olunmasından sonra əsas resurslar dövlət və ordu quruculuğuna, iqtisadi inkişafa yönəldi. İqtisadi imkanlar yüksəldikcə Azərbaycanın müdafiə qabiliyyəti də artdı, ölkəmiz hərbi cəhətdən gücləndi. Milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələndi, əsgər və zabitlərimizin döyüş ruhu artdı. 

       Müstəqilliyimizin ilk illərindəki xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyü, qaçqın və köçkünlərin öz yurdlarına qaytarılması problemi Ümummilli Lider Heydər Əliyevi qayğılandıran ən mühüm məsələ idi. O, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin mütləq təmin olunacağına əmin idi. Zamana bir neçə cari il kimi deyil, bütöv bir strateji dövr kimi baxmaq müdrikliyinə, uzaqgörənliyinə malik olan Ulu Öndər fərqində idi ki, bu problemin həlli qısa müddətin işi deyil. Bunun üçün uzun illər ardıcıl şəkildə hazırlaşmaq, addım-addım irəliləmək, ən əsası ali hədəfdən geri çəkilməmək mühümdür. Böyük dövlət adamı yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etməyin mümkünlüyünü vurğulayırdı.  Heydər Əliyevin formalaşdırdığı zəngin dövlətçilik irsinin varisliyi həm əldə olunmuş nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsi, həm də dövlətimizin, xalqımızın təkamül yolu ilə yeni strateji dövrdə də ən böyük hədəfinə doğru irəliləməsi baxımından taleyüklü məsələ idi. Ulu Öndərin mənəvi irsinin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu strateji dövrün Lideri kimi dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirdi. Ümummilli Liderin formalaşdırdığı möhkəm təməllər üzərində XXI əsrin güclü Azərbaycanını qurdu. Ulu Öndərin 2003-cü ilin Prezident seçkisi ərəfəsində xalqımıza müraciətində ifadə olunan "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" inamını möhtəşəm şəkildə doğrultdu. Ata vəsiyyətini yerinə yetirərək dövlətimizi, xalqımızı ən böyük arzusuna - azad Qarabağa, Şərqi Zəngəzura qovuşdurdu. Ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etdi. Şuşada, Xankəndidə bayrağımızı ucaltdı. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə nail oldu.  Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə ölkənin gələcək taleyinə görə məsuliyyəti üzərinə götürərkən vətəndaşlar qarşısında səsləndirdiyi əsas tezislər bundan ibarət idi ki, dövlətimiz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedəcək. Ümummilli Liderin neft strategiyası davam etdiriləcək, qısa müddətdə respublikada hərtərəfli inkişaf təmin olunacaq. Ölkəmizdə güclü ordunun yaradılması prosesi davam edəcək. Azərbaycan inkişaf edəcək, daha da güclənəcək, müasir dövlətə çevriləcək.  Prezident İlham Əliyev heç zaman xalqa reallıqdan uzaq vədlər vermədi, insanların önünə qeyri-müəyyən sözlərlə deyil, real əməllərlə, görülmüş işlərin xoş nəticələri ilə çıxdı. Azərbaycanın inkişafı prosesindəki hər bir strateji dövrün vəzifələrini, layihələrini addım-addım, uğurla yerinə yetirdi və bütün bunların vəhdətində tarixin ən güclü, qüdrətli Azərbaycanını yaratdı. 

     Bu gün Azərbaycan regionda yaranmış yeni reallıqların müəllifidir. Bölgəmizdə heç bir layihə, proses Azərbaycanın iştirakı olmadan həyata keçirilə, uğur qazana bilməz. Ölkəmiz qlobal proseslərə geniş təsir imkanlarına malikdir və bu imkanlar getdikcə genişlənir. Böyük güc mərkəzləri Azərbaycanın dövlət maraqları, xalqımızın mənafeyi ilə bağlı bütün məsələlərdə ölkəmizlə hesablaşır, Prezident İlham Əliyevin rəyini, mövqeyini mütləq nəzərə almalı olurlar. Bunun bir səbəbi bu mövqeyin, rəyin strateji xarakter daşıması, ümumilikdə bəşəriyyətin faydasına olması, sülhə, dayanıqlı inkişafa, ölkələr və xalqlar arasında əməkdaşlığa xidmət etməsi, zaman-zaman özünü doğrultması ilə bağlıdırsa, digər səbəbi də Azərbaycanın müstəsna geopolitik mövqeyi, nüfuzu, proseslərə təsir imkanları ilə əlqədardır. Bu gün Azərbaycan türk dünyasının əsas mərkəzlərindəndir. Azərbaycan son illər Qoşulmama Hərəkatının sədri olmuş dövlət kimi bu qurumun timsalında böyük bir qlobal güc mərkəzi formalaşdırmışdı. Azərbaycan dünyanın müxtəlif qütbləri arasında iqtisadi, mədəni, siyasi kommunikasiya bağıdır. Mədəniyyətlər arasında dialoq, tolerantlıq məkanıdır. COP-29 kimi mühüm qlobal tədbirlərə evsahibliyi, uğurla həyata keçirdiyi "Bakı Prosesi" ilə bəşəriyyətin gələcəyinə töhfə verən və başqaları üçün də nümunə yaradan məsuliyyətli dövlətdir.  
 

      Dövlətimizin bu gün gəlib çatdığı mərhələ, qısa müddət ərzində əldə olunmuş tarixi nailiyyətlər, bəlkə də çoxlarına təəccüblü görünür. Amma bu nəticələrin əldə olunacağına hər kəsdən çox məhz Prezident İlham Əliyev əmin idi. 2003-cü ildə Ulu Öndər Azərbaycanın gələcək taleyini böyük ümidlərlə Ona - layiqli siyasi varisinə etibar edərkən cənab İlham Əliyevin bu ümidləri doğruldacağına, Heydər Əliyevin bütün arzularını yerinə yetirəcəyinə qəlbən inanırdı. Azərbaycan Prezidenti davam etdirdiyi milli-strateji inkişaf kursunun işıq saldığı gələcəyi görürdü. Bu gün Azərbaycan dövlətinin gəlib çatdığı məqam dövlətimizin başçısının illər öncə gördüyü gələcəkdir. Qarşıda isə bizi daha böyük gələcək, Azərbaycanın daha qüdrətli çağları gözləyir. Çünki irsin varisliyi, kurs, tarixi missiya davam edir, xalqımızın həyatına yeni nailiyyətlər gətirir.

Nuranə Quliyeva,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri

 

 








XƏBƏR LENTİ

19.05.2024 | 22:08
Rəisinin axtarışı: Avropa yardıma başladı

19.05.2024 | 22:05
Rəisinin helikopterindəki iki sərnişinlə əlaqə yaradıldı - Təcili

19.05.2024 | 21:43
Rəisinin axtarışları üçün Türkiyə hərəkətə keçdi

19.05.2024 | 21:42
"Ölkənin işində heç bir axsama olmayacaq" - Xamenei (VİDEO)

19.05.2024 | 21:39
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

19.05.2024 | 21:31
Qəzaya uğrayan helikopterin axtarışları davam edir

19.05.2024 | 21:29
Rəisinin rəsmi hesabında da paylaşım edildi - Yenilənib

19.05.2024 | 21:11
Xamenei Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirdi

19.05.2024 | 21:09
İraqın baş naziri helikopter qəzası ilə bağlı göstəriş verdi

19.05.2024 | 21:00
İranda fövqəladə vəziyyət elan edildi

19.05.2024 | 20:40
Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer... - Foto

19.05.2024 | 20:36
İran prezidentini aparan helikopter məcburi eniş edib – İranın daxili işlər naziri

19.05.2024 | 20:31
İrana dost və qardaş xalq kimi dəstək verməyə hazırıq - XİN

19.05.2024 | 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu

19.05.2024 | 20:11
“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” - İlham Əliyev

19.05.2024 | 19:53
İran Cumhurbaşkanı Reisi'yi taşıyan helikopter kaza yaptı

19.05.2024 | 17:02
Rəisinin helikopteri qəza etdi

19.05.2024 | 17:01
Fotoda Tağı Əhmədov...

19.05.2024 | 16:59
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

19.05.2024 | 16:57
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Rəisi

19.05.2024 | 16:55
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

19.05.2024 | 16:43
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar

19.05.2024 | 16:41
İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar+Yenilənib

19.05.2024 | 16:38
“Kolonial sityasətə qarşı etirazlarda Azərbaycanı ittiham etmək riyakarlıqdır”

19.05.2024 | 10:12
Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb

19.05.2024 | 10:08
Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

18.05.2024 | 22:53
Daiga Mierina Azərbaycana gəldi - Foto

18.05.2024 | 22:15
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:40
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:38
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18.05.2024 | 15:36
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031