Milli Məclisin iclasında

Image

Milli Məclisin iclasında 

 

Mayın 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin sədri bildirib ki, bizim iclasımız əlamətdar tarixi bir hadisə ərəfəsində keçirilir. Bildiyiniz kimi, üç gün sonra, mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd ediləcək. 

Heydər Əliyev ən yüksək dövlət vəzifələrində çalışdığı otuz ildən artıq bir müddətdə ümummilli lider missiyasını iki dəfə öhdəsinə götürmüşdür. Hər ikisində də zamanın çağırışlarına yaradıcı münasibət bildirməklə və düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi  ümidləri doğrultmuşdur.  

Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin tə­məlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlamış və davamlı inkişaf yoluna çıxarmışdır. Bununla da o, böyük tarixi şəxsiyyət­lərimizin dövlətçilik ənənələrini layi­qincə davam etdirmiş və daha da zənginləşdirmişdir. 

Spiker deyib ki, Heydər Əliyev dünya miqyaslı siyasi və dövlət xadimi idi. Onu dünyanın ən böyük siya­sətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Ulu Öndər mənsub olduğu xalqı yeni minilliyə, qloballaşma əsrinə hazırlayıb çatdıran bir liderdir. 

Ümummilli Liderin başladığı möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Son iyirmi bir il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. 

Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan verib. 

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və  Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti    44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin edib. Ötən ilin sentyabr ayında həyata keçirilmiş bir günlük antiterror tədbirləri isə Azərbaycanın suverenliyini onun bütün ərazisində bərpa etməyə şərait yaradıb. Bu böyük uğur Vətən müharibəsində əldə edilmiş Zəfərin məntiqi davamı və yekunu  oldu. 

30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azad edilməsi ilə Ümummilli Liderin ən böyük arzusu həyata keçmiş, onun başladığı tarixi missiyanın önəmli bir istiqaməti layiqincə sona  çatdırılmışdır.

Spiker bir məqamı da vurğulayıb  ki, 1993-cü ilin iyununda Heydər Əliyev böyük siyasətə qayıdışa bu binada başlamış, dörd aya yaxın Azərbaycan parlamentinin sədri vəzifəsində çalışmışdır. Ulu Öndərin sayəsində yeni inkişaf səviyyəsinə yüksəlmiş parlamentarizm ənənələri bu gün dövlət başçısının qayğısı və Milli Məclis deputatlarının birgə səyləri ilə daha da inkişaf etdirilir. 

Spiker qeyd edib ki, bu gün diqqətə çatdırmaq istədiyi digər bir məsələ də Ulu Öndərin adı ilə bağlıdır. Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur. Fondun yaradılması Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, Azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlib. 

Heydər Əliyev öz həyatının mənasını xalqa xidmət etməkdə, xalq yolunda hər bir çətinliyə hazır olmaqda görürdü. Onun adını daşıyan Fond da öz fəaliyyətində bu ali idealları rəhbər tutur. 

Bu gün milyonların sevgisini qazanmış Heydər Əliyev Fondunun nailiyyətlərinin təməlində Fondun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna təşkilatçılıq qabiliyyəti və rəhbərlik məharəti, yüksək səriştəsi və peşəkarlığı, böyük zəhməti və fədakarlığı dayanır. Onun hər bir məsələyə yaradıcı münasibəti, insanları vahid məqsəd naminə səfərbər etmək bacarığı, humanizmi və səmimiyyəti Fondun hamıya yaxşı tanış olan simasını müəyyən edir.  

Fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda sosial rifahın, mədəni inkişafın dəstəklənməsinə, humanizm,  mərhəmət və birlik ideallarının reallaşmasına yönələn çoxsaylı təşəbbüslərin ön sırasında olub. Fondun fəaliyyətinin ən mühüm istiqamətləri elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, idmanın inkişafına, sosial müdafiənin gücləndirilməsinə, ekoloji mühitin yaxşılaşdırılmasına, informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair proqramların və layihələrin gerçəkləşdirilməsi ilə bağlıdır.  

Milli-mənəvi dəyərlərə, humanizm prinsiplərinə sadiq olan gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmin edilməsi, sivilizasiyalararası dialoqa rəvac verilməsi, Qarabağda işğal dövründə talan edilmiş abidələrimizin bərpası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması da Fondun fəaliyyətində önəmli yer tutur. 

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan barəsində doğru-düzgün məlumatların yayılması və dövlətimizin milli maraqlarının qorunması istiqamətində ən uğurlu layihələrdən biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasıdır. Bir çox dünya ölkələrini əhatə edən bu kampaniya Xocalı həqiqətlərinin dünyada yayılmasına, cinayətkarların beynəlxalq ifşasına yönələn tədbirlərin vahid konsepsiyası əsasında sistemli şəkildə həyata keçirilib. 

Bu sahədə görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Xocalı soyqırımı ətrafında qurulmuş informasiya blokadası yarılmış, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, bir çox ölkələrin parlamentləri Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğunu təsdiq etmiş və bir sıra ölkələrin parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. 

Spiker bildirib ki, Heydər Əliyev Fondunun fəaliyyətinin ana xətlərindən biri olan xeyriyyəçilik missiyası xüsusi qeyd edilməlidir. Dara düşən, yardıma ehtiyacı olan insanların Heydər Əliyev Fonduna pənah aparması cəmiyyətin Fond rəhbərliyinə dərin inamından irəli gəlir. Minlərcə insanın sağlamlığının bərpa edilməsi, ağır xəstəliklərə düçar olan uşaqların, sənət adamlarının, ziyalıların xarici ölkələrdə müalicə etdirilməsi xalqımızın ən yüksək milli-mənəvi dəyərlərindən olan humanizmin və xeyirxahlığın parlaq ifadəsidir. 

Heydər Əliyev Fondu İkinci Qarabağ müharibəsində qələbəmizə mühüm töhfələr verib. Xalqın dövlət başçısı ətrafında yumruq kimi birləşməyə çağırılması, cəbhədə işğalçılara qarşı döyüşən, şəhid olan və yaralanan əsgər və zabit  valideynlərinə hərtərəfli dəstək göstərilməsi tarixi Zəfərimizi təmin edən amillərdən biridir. 

Bu gün Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində yaxından iştirak edir, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara böyük diqqət və qayğı göstərir. Müharibədə yaralanan qazilərimiz yüksək texnologiyalı protezlərlə təmin olunur, zərurət yarandıqda yaralı hərbçilərimizin xaricdə müalicəsi təşkil edilir, onların sosial durumunun yaxşılaşmasına kömək göstərilir.    

Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyəti dünyanın müxtəlif bölgələrini əhatə edir. Bir çox ölkələrdə Fondun nümayəndəlikləri fəaliyyət göstərir. 

Heydər Əliyev Fondu xarici ölkələrdə təbii fəlakət nəticələrinin aradan qaldırılmasına yardım göstərmiş, məktəblərin inşasını, yenidən qurulmasını və əsaslı təmirini, dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmişdir. Bu gün Azərbaycanın yumşaq gücünü təcəssüm etdirən Heydər Əliyev Fondu geniş bir coğrafiyada humanizm və mərhəmətin simvolu kimi qəbul olunur. 

Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətini çox yüksək qiymətləndirmişdir. O, möhtərəm Prezidentin bu sözlərini xatırladaraq deyib: 

"Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. 

... Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. 

Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "Xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

Çıxışına yekun vuran Milli Məclisin sədri deyib ki, əminliklə söyləmək olar ki, Heydər Əliyev Fondu başladığı bütün layihələri və proqramları eyni əzmlə davam etdirəcək və bununla birlikdə, yeni təşəbbüslər irəli sürəcək, özünün böyük potensialından xalqın və dövlətin maraqları naminə səmərəli surətdə istifadə edəcəkdir. 

Sonra spiker təklif edib ki, Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə Fondun prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərək,  şərəfli və nəcib missiyanın həyata keçirilməsində Mehriban xanım Əliyevaya və Fondun kollektivinə yeni böyük uğurlar arzulayaq. Spikerin təklifi alqışlarla qarşılanıb.  

Milli Məclisin sədri Sahibə Qafarova Heydər Əliyev Fondunun yubileyi münasibəti ilə deputat Soltan Məmmədovun təqdimat hazırladığını bildirib və deputatları bu təqdimatla tanış olmağa dəvət edib.

Sonra iclasda deputat Soltan Məmmədov Heydər Əliyev Fondunun 20 illik fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib. Millət vəkilinin çıxışı zamanı Fondun gördüyü işlərdən bəhs olunan fotogörüntülər nümayiş etdirilib.

Soltan Məmmədov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, milli dövlətçilik ideyalarının təşviqi, gələcək nəsillərə çatdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrinin təbliği, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə yaradılıb. O, qeyd edib ki, Fondun çoxşaxəli fəaliyyətini ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə dərin ehtiramın ifadəsi kimi bir neçə mühüm aspektdən qiymətləndirmək mümkündür. 

Bildirilib ki, sosial-humanitar sahədə Fondun gördüyü işlər təhsil, səhiyyə, ekologiya, idman və ehtiyacı olan insanlara qayğı kimi istiqamətlərini əhatə edir. Həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-ə yaxın məktəb binası inşa edilib və yenidən qurulub. “Təhsilə dəstək” layihəsi artıq neçə illərdir uğurla davam edir. Səhiyyə sahəsində Fondun proqram və layihələri çərçivəsində Bakıda Psixonevroloji Uşaq Mərkəzi, Talassemiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi, Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi və bir sıra digər tibb müəssisələri inşa olunub. Pandemiya dövründə Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, müxtəlif ölkələrdən gətirilən tibbi ləvazimatlar müvafiq tibb müəssisələrinə təqdim olunub. Fond təhsildə fərqlənən, valideyn himayəsindən məhrum uşaqları, şəhid ailələrini, müharibə veteranlarını və müharibə əlillərini hər zaman diqqət mərkəzində saxlayır. Həmçinin ekoloji tarazlığın qorunması, nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin mühafizəsi, əhali arasında ekoloji təbliğatın gücləndirilməsinə də xüsusi diqqət yetirir. 

Təqdimatda Heydər Əliyev Fondunun mədəni irsimizin qorunması, tanıdılması və multikultural dəyərlərin təbliği istiqamətində təqdirəlayiq fəaliyyət göstərdiyi vurğulanıb. Bildirilib ki, Fondun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət obyektləri inşa olunub, dünyanın bir sıra ölkələrində Azərbaycan Mədəniyyət Mərkəzləri yaradılıb. Fondun təşkil etdiyi beynəlxalq festivallar mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir. Sivilizasiyalar arasında dialoqun dərinləşməsinə xidmət edən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Fond Almaniyada, Bolqarıstanda, Vatikanda, Romada bir çox muzey və digər tarixi abidələrin bərpasına və təmirinə də öz töhfəsini verib. Eyni zamanda, Bakıda və regionlarda yerləşən bir sıra məscidlərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 

Soltan Məmmədov Heydər Əliyev Fondunun fəaliyyətinin digər bir mühüm aspektinin həyata keçirilən layihələrin tarixi-ideoloji və siyasi məzmunu ilə bağlı olduğunu vurğulayıb. O, bildirib ki, XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsinin acı nəticələrinin, Ermənistanın ölkəmizə vurduğu ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərərin aradan qaldırılması Fondun daim diqqət mərkəzində saxladığı mövzulardır. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir. Bununla yanaşı, Heydər Əliyev Fondu İSESCO, UNESCO, BMT-nin İnkişaf Proqramı, ÜST, UNICEF və digər beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində mədəniyyət, səhiyyə, uşaqların müdafiəsi ilə bağlı layihələr reallaşdırıb. 

Çıxışının sonunda Soltan Məmmədov Heydər Əliyev Fondunun 20 illiyinin parlament platformasında qeyd edilməsinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. 

Sonra iclasın gündəliyi qəbul olunub və cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Tahir Rzayev, Fazil Mustafa, deputatlar Musa Qasımlı, Vüqar Bayramov, Sahib Alıyev, Kamal Cəfərov, Etibar Əliyev, Qüdrət Həsənquliyev, Azay Quliyev çıxış ediblər.

Millət vəkilləri Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin doğum günü, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin 20-ci ildönümü ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri vurğulanıb. Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın dirçəlişi, xalqın  rifahı naminə gördüyü işlərdən söhbət açılıb.  Bildirilib ki, bu gün ölkəmizdə qazanılan zəfər və uğurların, o cümlədən iqtisadi tərəqqinin əldə edilməsinin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının təməlində Heydər Əliyev siyasəti, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası dayanır. 

Millət vəkilləri Azərbaycanın ictimai həyatında xüsusi rolu olan, öz fəaliyyətində  Ümummilli Liderimizin ideyalarına əsaslanan Heydər Əliyev Fondunun ölkəmizin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işləri təqdir ediblər. Fondun bir çox sahələri əhatə edən ölkədaxili və beynəlxalq səviyyədə həyata keçirdiyi uğurlu layihələrdən danışıblar. Deputatlar Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyiblər.

Müzakirələr zamanı bir sıra digər aktual mövzularda da fikirlər səsləndirilib.

Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyə 18 məsələ daxil edilib. O, ilk 5 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, birinci və ikinci oxunuşda layihə barədə ətraflı məlumat verildiyini, ikinci oxunuşdan sonra layihədə texniki xarakterli bəzi dəyişikliklərin edildiyini söyləyib və sənədin dəstəklənməsini xahiş edib. 

Qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu komitələrdə məsələ barədə müsbət rəy verildiyini diqqətə çatdırıblar.

Müzakirələr zamanı komitə sədri Fazil Mustafa, deputat Sabir Rüstəmxanlı sənəd  barədə öz fikir və qeydlərini bildiriblər.

Deputat Nurlan Həsənov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra, qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edərək,   sənəd barədə komitənin müsbət rəyini bildirib.

Layihə 1954-cü il tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasına dair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərin qorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxil edilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasın yaradılması məqsədi ilə hazırlanıb.

Sənəd barədə Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu komitələrin rəylərini səsləndiriblər.

Deputat Qüdrət Həsənquliyev öz fikirlərini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti iki məsələnin möhtərəm cənab  Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. O, qeyd edib ki, bunlar  “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələridir.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev həmin məsələləri diqqətə çatdırıb.  O, “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirə edildiyini, deputatların sənədi dəstəklədiklərini və onun  qəbul olunduğunu bildirib. Bununla yanaşı, o, millət vəkillərinin verdiyi bəzi təkliflərin qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edildiyini söyləyib, hazırda layihəyə əlavə  dəyişikliklərin edilməsinin məqsədəmüvafiq olmadığını deyib. Bildirilib ki, komitədə məsələ   üçüncü oxunuşda geniş müzakirə edilib, heç bir əlavə və dəyişiklik edilmədən yekdilliklə üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

 Qanun layihəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. 

Komitə sədri digər qanun layihəsində təklif olunan dəyişikliklərin "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıdığını deyib. 

Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bu komitələrin təqdim olunan məsələlərlə bağlı müsbət rəyini bildiriblər.

Müzakirələrdə deputat Rəşad Mahmudov bəzi qeydlərini səsləndirib və komitə sədri Bəxtiyar Əliyev qaldırılan məsələyə münasibət bildirib. 

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov  “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. Millət vəkili birinci və ikinci oxunuş zamanı layihə barədə geniş məlumat verildiyini, əlavə heç bir təklifin olmadığını söyləyib və sənədin səsə qoyulmasının xahiş edib.

Layihədə ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədi ilə müvafiq dəyişikliyin edilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsidir. O, sənədin uyğunlaşdırma xarakteri daşıdığını və qanunvericiliyin tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini deyib. 

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov layihə barədə məlumat verib. O, qeyd edib ki, layihədə ümumilikdə 3 məcəllədə və 5 qanunda (Cəzaların İcrası Məcəlləsi, Miqrasiya Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin "Hauptvaxt haqqında" 4 saylı əlavəsi", "Uşaq hüquqları haqqında” Qanun, "Psixiatriya yardımı haqqında” Qanun, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun) dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bildirilib ki, dəyişikliklərdə milli preventiv qrup tərəfindən həyata keçirilən başçəkmələr zamanı müəssisənin şəraiti və orada saxlanılan şəxslərə göstərilən rəftarın protokollaşdırılması üçün  texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyat aparmaq hüququ verilir. 

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənəd barədə bu komitələrin rəyini bildiriblər.

Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Aydın Mirzəzadə məsələ ilə əlaqədar fikir və qeydlərini nəzərə çatdırıblar.

Deputat Kamal Cəfərov qaldırılan məsələyə aydınlıq gətirdikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin digər 11 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib. Spiker növbəti üç məsələnin möhtərəm Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. O, həmin qanun layihələrinə Aqrar siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrində baxıldığını qeyd edib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (ikinci oxunuş) barədə qanun layihələrini təqdim edib. Komitə sədri birinci oxunuş zamanı bu sənədlər barədə ətraflı məlumat verildiyini, bəzi təkliflərin səsləndirildiyini və bununla bağlı razılığın əldə edildiyini bildirib. O, ikinci oxunuşda layihələrin komitədə müzakirəsi zamanı əlavə heç bir təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.

Hər iki qanuna təklif edilən dəyişikliklər Azərbaycan Prezidentinin "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 2023-cü il 7 fevral tarixli 3742 nömrəli Sərəncamından irəli gələn tələbləri özündə ehtiva edir. Bu dəyişikliklər əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, sanitar-gigiyena normalarına əməl olunmasına, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına yönəlib. Düzəlişlər rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına, yerli xammaldan istifadənin genişləndirilməsinə imkan yaradacaq.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb. O, bu sənədin yuxarıdakı iki layihədə edilən dəyişikliklə bağlı olduğunu deyib. Bildirib ki, təklif edilən dəyişikliklər tələb olunan sənədin rüsumunu və nəzarət mexanizmini özündə ehtiva edir. 

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.

Müzakirələr zamanı komitə sədri Fazil Mustafa, deputatlar Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı təqdim olunan sənədlərlə bağlı bəzi qeydlərini səsləndiriblər.

Komitə sədrləri Tahir Mirkişili və Tahir Rzayev deputatların fikirlərinə münasibət bildirdikdən sonra, hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.  Diqqətə çatdırılıb ki, layihə gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların yeni qulluq yerinə köçməsinin və bununla bağlı kompensasiyanın, eləcə də qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələlərini tənzimləyir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. Spiker qeyd edib ki, bu məsələlər – “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələridir. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov həmin qanun layihələri barədə məlumat verib. Nəzərə çatdırılıb ki, hər iki sənəd Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"nın icrası ilə bağlı hazırlanıb. Qeyd olunub ki, müzakirələr zamanı deputatların səsləndirdiyi suallara aydınlıq gətirilib, mətndə hər-hansı dəyişiklik edilməyib.

Müzakirələrdə parlamentin komitə sədri Ziyafət Əsgərov bəzi qeydlərini səsləndirib və deputat Nizami Səfərov onun fikirlərinə münasibət bildirib.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb. Bildirilib ki, layihədə "Dekstrometorfan" maddəsinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılaraq, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına "başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır" qeydi ilə daxil edilməsi təklif edilir. Digər dəyişikliyə əsasən, Buprenorfin maddəsinin tibbi-farmakoloji xüsusiyyətləri nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılaraq yalnız Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısında qalması təklif edilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, məsələ barədə birinci oxunuşda geniş məlumat verildiyini, bu komitənin əhatə dairəsinə daxil olan məsələlər üzrə heç bir təklifin daxil olmadığı üçün sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib. 

Layihədə təklif edilən dəyişikliklərdə övladlığa götürmə və valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən çıxarışın məhkəmənin elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə inteqrasiya edilməsinin sürətləndirilməsi məsələsi ehtiva olunur. Sənəddə, habelə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın elektron qaydada ötürülməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Bununla yanaşı, diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatı üçün nikahın pozulmasının qeydə alınmasına görə dövlət rüsumunun tutulması və digər düzəlişlər də  təklif olunur.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə bu komitələrin müsbət rəyini diqqətə çatdırıblar.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin də möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə yaxın olduğunu qeyd edib. Spiker bildirib ki, layihələrə parlamentin iki komitəsində - Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrində baxılıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, sənəd barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, mahiyyəti üzrə heç bir təklifin daxil olmadığını deyib və səsə qoyulmasını xahiş edib.  Millət vəkili qeyd edib ki, təklif olunan  dəyişikliklər özündə hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosedurunun həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin daha təkmil şəkildə tənzimlənməsini ehtiva edir. 

Bəhruz Məhərrəmov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyin növbəti məsələsi -  Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı müsbət rəyini də diqqətə çatdırıb.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, sənəd "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna təklif edilən dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Qeyd edilib ki, məsələ ilə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.

Deputat Azay Quliyev bəzi məqamlara dair fikirlərini açıqladıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuşda məsələ barədə geniş məlumat verildiyini, heç bir irad və təklifin olmadığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsində COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-rezidentlərə 2024-cü il martın 1-dən 9 ay müddətinə vergi azadolmalarının nəzərdə tutulduğu bildirilir. Sənəddə malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlərin gəlir vergisindən, mənfəət vergisindən, həmçinin malların idxalı da daxil olmaqla ƏDV-dən azad olunması təklif edilir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi olduğunu bildirib. O, sənədin birinci oxunuşda müzakirəyə təqdim edildiyini deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bu qanun layihəsi barədə məlumat verib. O, diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş layihədə yeni 405-1-ci və 451-1-ci maddələrin əlavə edilməsi təklif olunur.

Dəyişikliklərə əsasən, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 

Habelə, məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana verilməməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

Bununla yanaşı, layihədə bildirilir ki, "Tütün və tütün məmulatı haqqında" Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.

Deputat Aydın Hüseynov məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
 ictimaiyyətlə əlaqələr şöbəsi
 








XƏBƏR LENTİ

19.05.2024 | 17:02
Rəisinin helikopteri qəza etdi

19.05.2024 | 17:01
Fotoda Tağı Əhmədov...

19.05.2024 | 16:59
Prezident İlham Əliyev: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

19.05.2024 | 16:57
İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür - Rəisi

19.05.2024 | 16:55
Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

19.05.2024 | 16:43
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar

19.05.2024 | 16:41
İlham Əliyev sərhəddə İran Prezidenti ilə görüşdü - Fotolar+Yenilənib

19.05.2024 | 16:38
“Kolonial sityasətə qarşı etirazlarda Azərbaycanı ittiham etmək riyakarlıqdır”

19.05.2024 | 10:12
Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb

19.05.2024 | 10:08
Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

18.05.2024 | 22:53
Daiga Mierina Azərbaycana gəldi - Foto

18.05.2024 | 22:15
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:40
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:38
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18.05.2024 | 15:36
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

18.05.2024 | 15:34
“Prezidentlərin Füzuli və Şuşaya səfərləri vacib hadisələrlə yadda qaldı”

18.05.2024 | 15:30
“Usta mənəm”

18.05.2024 | 15:21
İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil

18.05.2024 | 13:58
Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq

18.05.2024 | 13:57
Abşeron rayonunun Masazır kəndi və Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib- Video

18.05.2024 | 13:54
Para-atletimiz Lamiyə Vəliyeva dünya çempionu olub

18.05.2024 | 11:19
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib

18.05.2024 | 11:11
Azərbaycanda attestatla universitetə qəbul ola bilər? - DİM sədrindən AÇIQLAMA

18.05.2024 | 11:09
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

18.05.2024 | 11:06
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

18.05.2024 | 11:00
Milli Kitabxanada “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18.05.2024 | 10:53
Sabah ilin ən şanslı günüdür - Bu bürclərin bütün arzuları reallaşacaq

18.05.2024 | 10:40
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto

18.05.2024 | 10:33
“Həmin qadının…” – İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

18.05.2024 | 10:12
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

18.05.2024 | 09:54
Maradonanın rekordunu təzələdi

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031