İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub (FOTO)
4 may 2024-cü il tarixdə İçərişəhərdə Milli Xalça Festivalının açılışı keçirilib. Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxış ediblər.
“İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə öz çıxışında qeyd deyib: “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin Milli Xalça Festivalına ev sahibliyi etməsi heç də təsadüfi deyil. İçərişəhər Qoruğu üçün Azərbaycanın qədim milli-mədəni ənənələrinin, sənət nümunələrinin yaşadılmasına töhfə vermək və bu istiqamətdə işlər görmək prioritet istiqamətlərdən biridir. Bu baxımdan, UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin İçərişəhərdə təşkil olunan Milli Xalça Festivalı vasitəsilə təşviqi və yaşadılması önəmlidir.”
Gununxeberi.az